Oyandığım zaman qan tər içində idim. Daha üşümürdüm amma bədənimdə bir halsızlıq var idi. burnum tutulmağa başlamışdı. Yorğanımı yana itələyib əynimdəkiləri sürətlə çıxardım. Belimin tərini silib ev paltarlarımı geyindim. Saat yeddi olmuşdu. Telefonumda iki cavabsız zəng. Atamdan gəlmişdi. Geri yığıb çağırarkən gözlədim. telefon açıldı amma səs bir iki saniyə gec gəldi. Ləmanın səsi idi. Yanında atam dayanmışdı çünki asta səslə " bacıya salam de " deyən səsini eşidirdim. Bir qadın səsi daha gəlirdi, asta səslə gülümsəyən..
- Aloo
dedim onların xoşbəxt səslərindən rahatsız olaraq
- Ayooo
deyə təkrar etdi Ləman. gülümsəməmə əngəl ola bilmədim
- Necəsən?
dedim sanki böyük biri ilə danışırmışam kimi rəsmi halda
- yayşıyam
- telefonu atama verə bilərsən?
- bua dəlll, buaaa dəll
deyirdi içini çəkərək gülümsəyib. Məni yanına çağırırdı.
- Yaxşı, gələcəm. indi telefonu atama ver
Atam səsimi eşitmişdi deyəsən çünki özü Ləmandan telefonu istədi
- Ata ?
- Hə qızım
- Zəng eləmisən
- Mühim bir şey deyil, Ləman səsini eşitmək istəyirdi
- Hə..
Səssizlik
- Evə nə vaxt gələcəksən?
- Bir azdan çıxıram
- oldu, hələlik
Telefonu bağladım.
Bu cür ani hərəkətlərimin atamı incitdiyinin fərqində idim amma mənim üçün də asan deyildi. Onların yanında olarkən özümü sıxmaqdan yorulurdum. Niyə hər dəfə altdan alan tərəf mən olmalıydım ki?! Atam onlarda olarkən hər dəfə anamı xatırlayırdım. Sonra onun da tək olmadığını xatırlayıb özümü söyürdüm. "Burax artıq düşünməyi" deyirdim , "rədd elə getsin !"
İştaham yox idi. Pəncərə qırağında dayanıb yağmağa başlayan yağışın səsini dinlədim. Yağışı çox sevən deyildim. Yəni " İlahi, yağış yağır, bir status yazmalıyam!" deyən insanlardan deyildim ən azından. Amma səsi rahatladırdı. Damcılar şüşələrə tək tək çırpılıb yolda aşağı doğru sürüşərkən birləşib böyüyürdülər.
Otağıma qayıdıb əl işlərimdən birini seçməyə qərar verdim. Çoxu cızma qara idi, dəftər kənarlarına çəkirdim. Bəziləri isə işə ciddi yanaşdığım zamanlardan qalmışdı.
Özümü bir canavarın içində təsvir etmişdim şəkillərin birində. Başqa biri arxasını dönüb getməkdə olan qadını həbs etmişdi özünə. Bu anam idi..Üzü görünmürdü çünki getdiyi an simasının necə göründüyünü görməmişdim.. Bir digəri ovuc içindəki çizgilər üzərində qurulan balaca şəhərcik idi. bir digəri,bir digəri,bir digəri.. heç biri sərgilik deyildi. mən bu işi niyə görürdüm ki? Heç də yaxşı deyildim..
bəlkə də sırf sərgi üçün yeni bir şey lazım idi..amma nə ?
kağız qələmi əlimə alıb yenidən pəncərə qırağına keçdim.. iki saat sonra bütün ətrafım buruşdurub atdığım vərəqlərlə dolub daşmışdı amma masanın üzərindəki bir iş sərgidəki yerini almaq üçün gözləyirdi..