Hava gedərək qaranlıqlaşırdı amma evin işıqlarını yandırmağa cəsarət edə bilmirdim.. Qaranlıq bizi incidə biləcək bir çox şeyin üstünü xüsusi qayğı ilə örtürdü.. Yatağımın üzərində oturub önümdəki qarderobun aynasındaki güclüklə sezilən əksimə baxırdım. Aynalara uzun müddət xüsusilə də qaranlıqda baxarkən elə hiss edirdim ki, üz cizgilərim yerlərini dəyişir, yana doğru əyilirlər.
Atam hələ də ortalıqda yox idi. Saat altıda işdən çıxırdı və iki saat evə çatması üsün artıq vaxt idi. Harada idi görəsən ? Bilirdimi olanları? tərkedilmə duyğusunu hiss etmişdimi ? Yoxsa bunu heç vecinə də almayacaqdı ? Onun üçün nə fərqi var idi ki ? Bəlkə sevinəcəkdi belə.. Amma o tək getməmişdi axı.. Anam onu başqasına dəyişmişdi. İkimizi də..
Gələndə nə deyəcəkdim ? Nə isə deməli idim ? Bəlkə salam verim ? Bəlkə heç otağımdan çıxmayım ? Böyük ehtimal tək qalmaq istəyər. Normal insanlar belə hiss edər çünki.. Nə edəcəyimi düşünmək yerinə bir az geriyə gedib xoş bir şeylər axtarmağa çalışdım. Üçümüzlə bağlı hansısa xoş şey.. Çox gerilədim, ta beş , altı yaşlarıma qədər. İlahi.. Bu qədər bədbəxt üç insan olmaq mümkün idimi ? Tək bir xatirə yox idi.. İnana bilmirdim. İlk evimizdə, yəni öz evimizdə, babam , atamın atası bizi evdən qovmazdan əvvəlki evimizin həyətində atamın velosipedi var idi. Hər gün , istisnasız olaraq hər gün, atamın işdən gəlib mənə onu sürməyi öyrədəcəyi günü gözlədim.Halbuki bununla bağlı ondan bir söz almamışdım. Solğun keçən bir ilin və sonu gəlməyən gözləntinin ardından bir gün yetmişli yaşlarındaki babam evə gəldi və heçnə demədən bizə aid olan əşyaları ikimərtəbəli həyət evinin eyvanından aşağı atmağa başladı. Üst mərtəbədə, babamın yanında təkcə mən var idim. Təbii ki, yenə maraq dairəsindən uzaqda qalmışdım. Bu barədə yanımda heçnə danışılmasa da anamın istənməyən gəlin olduğunu hər zaman hiss etmişdim. Mən də istənməyən gəlinin istənməyən qız övladı idim. Oğlan olsam işlərin dəyişə biləcəyinə bu gün də and içə bilərdim. Babam üzümə baxmadan əsəbi halda atamgilin hətta yatdıqları zaman istifadə etdikləri yorğanı belə həyətə atdı. Və elə bu an atam içəri girdi. Babam qəfil qapının şaqqıltısını eşidib əlini saxlasa da ona tərəf çönmədi və işinə davam etdi. Atam heyrət və bir az da təəssüf hissi ilə atasının onu həyatından bu qədər soyuqqanlılıqla çıxarmasını izləyərkən, anam da otağa gəlib atamın arxasında öz yerini almışdı. O gün ilə bağlı, olanların səbəbi ilə bağlı heç nə xatırlamıram. Xatırladığım tək şey atamın bir müddət sonra var qüvvəsi ilə sıxmağa başladığı yumruğunu görən anamın öz titrək əlini atamın əlinə toxundurması və atamın yumruğunun nisbətən yumuşalması idi.. Görünən odur ki, bizim ən xoş xatirəmiz elə həmin an idi.. Nə qədər gülməli və ya acınacaqlı olduğuna qərar vermək mənim üçün hələ də olduqca çətindir..
İnsanı fikir qədər yoran çox az şey var.
Gün ərzində yaşadığım bütün o şeylər və dayanmadan fikir burulğanının içinə atılmağım göz qapaqlarımın ağırlaşmasına səbəb olurdu..
Gözlərimi açdığım zaman qaranlıqda saatın ağ səthi üzərində güclüklə sezdiyim qara əqrəbləri 04:45 i göstərirdi. Gecədən xeyli keçmişdi .. Evə qulaqbatırıcı və olduqca ürküdücü səssizlik çökmüşdü.
Üzərimə bir şey örtmək ağlıma gəlməmişdi və hər yerim gecənin artan soyuqluğundan titrəyirdi. Əsnəyərək qaşınan gözlərimi ovdum və divara tutuna tutuna birtəhər otağımın işığını yandırdım. Bir başa salona açılan qapımı aralayıb irəli addımladım , içimdəki qəribə qorxu ilə. Atam yatmış ola bilərdi deyə ola bildiyincə səssiz davranmağa çalışırdım. Salonda deyildi. Anamın yataq otağına yönəldim və içəridə onu görmək, peşman olub geri döndüyünə inamsız şəkildə ümid edmək üçün özümü məcbur etdim. Təbii ki, orada deyildi. Yavaşca eşidilən, adi nəfəs alışdan azca fərqlənən şirin xorultusu da eşidilmirdi..
Yaxşı bəs atam hansı cəhənnəmdə idi ? İlahi, bu insanlara nə olmuşdu belə ?! Yəni həqiqətən bu qədər görünməzəm ? Bəlkə heç mövcud da deyiləm ? Böyük ehtimal hansısa barda keflənib maşınına belə çata bilmədən hansısa küçə tinində sızıb qalmışdı.
Birdən birə içimdən özümü də təəccübləndirəcək qədər böyük əsəb vulkanı püskürdü. Hiss etdiyim qorxuya tüpürüb qaranlıq dəhlizdə addımladım. Qapının yanından işığı yandırdım və qapını açarla bağladım.
İkisi də rəddolsun !