Təbii ki, gecəni yata bilmədim amma bu o qədər də böyük problem deyildi. Sadəcə yorğun hiss edirdim və bütün gecə eyni şeyləri o qədər çox düşünmüşdüm ki, hiss etdiyim bir damcı xoşbəxtlik də solub getmişdi.. Anam evdə deyildi və olmayacaqdı. Atamla ikimiz qalmışdıq. Bundan sonra nə olacaqdı ? nə edəcəkdik ? Bunu düşünməyin yeri deyildi amma atam yenidən evlənəcəkdi ? Evləndiyi zaman məni atacaqdımı ? Ya anam ? Anam yəni bir də heç vaxt məni görmək istəməyəcəkdi ? Mənim aqibətim necə olacaqdı ? Xəyal qurmaq, ağ günə çıxacağına inanmaq əlbəttə gözəl idi. Amma bunu reallaşdırmaq mümkün idimi ? Nə olacaqdı axırım ? Kimə inanacaqdım ? Məgər kimisə sevə biləcəkdim? Mənim nə vaxtsa ailəm, övladım olacaqdı ? Əlbəttə ki evlilik istədiyim son şey idi. Amma son da bir şeydir və əvvəl axır ona çatırsan..
Sağa çön, sola çön, düz uzan, üzü üstə uzan.. Ən son baxdığım zaman saat dörd idi və ondan sonra deyəsən bir saat filan yata bilmişdim. Saat yeddidə saat zənginə oyandım və bir anlıq ,qısa bir anlıq heçnə anlamadım. Səhərin bu vaxtında niyə oyanmışdım ? Sonra qəflətən dəli kimi sıçradım və gec qaldığımı düşündüm, nədənsə.. Saata yenidən baxdıqdan sonra dərindən nəfəs alıb əsnədim. Yenidən dəli kimi yuxum gəlməyə başladı. Ağlımı itirirdim deyəsən.
Yavaş yavaş qalxdım.Əl üzümü yudum, hətta çox rahat bir şəkildə, az da olsa tələsmədən otağımı yığışdırdım. İndi də özümü vecsiz hiss edirdim. Hətta universitetə getmək belə içimdən gəlmir, ürəyimi bir qorxu və ya ona bənzər hiss doldururdu. Atamı səslədim, durduğunu dedi amma bilirdim ki , bunu ən azı üç dörd dəfə təkrarlayacağam. Çayın altını yandırıb çaynikin içindən günlər öncəsindən qalan dəmi boşaltdım. Süfrəyə əlimə keçəni doldurub , suyun qaynamasını gözlədim masa arxasında. Hazırlaşmalı, paltarlarımı geyinməli, dünən fenlə qurutduğum saçlarımı yenidən bir də düzləşdirməli, makiaj etməli idim amma indi etdiyim şey sadəcə boş boş oturub, çənəmi əlimə dayayaraq gözləməkdən ibarət idi.. Çaydan səs çıxarmağa başlayanda dik atıldım. Astadan söyüş söydüm və gözlərimi sıxdım. Həqiqətən qorxmuşdum. Bu lənətə gəlmiş fitli çaydanların səsi sanki hansısa fəlakətin xəbərçisi idi. Çayı dəmlədikdən sonra atamı bir daha səslədim və eyni cavabı aldım. Paltarlarımı çarpayının üzərinə sərib onlara uzaqdan baxdım. Əynimə tam oturan və çox da balaca olmayan ( bununla fəxr etmirəm ) arxamı tamamilə göz önünə çıxaran midi yupkama göz gəzdirdim. Boz rəngli yubkam və üzərini tamamlayan elə o tonlardaki nazik sviter ilə birlikdə artıq üstümdə idi. Bütün bədən xəttlərim önə çıxmışdı və özümü çox amma çox rahatsız hiss edirdim. Yupkamı aşağı dartışdırır , koftamın sinə hissəsini bir az genişləndirməyə çalışırdım. Saçlarımı səliqəyə salmaq bu işlərin içərisində ən asan olanı idi. Makiaj isə tam bir hüsran..
Mətbəxə bir iki şey atışdırmaq üçün getdiyim zaman atam artıq oyanmış, özünə çay süzmüş , stəkanını qaşıqla qarışdırırdı. Məni görən zaman qaşlarını çatıb sual verirmiş kimi üzümə zillədi.
- Nədi ?
- Niyə hazırlaşmamısan ?
- Bu hazır olan halımdır
Yeni aldığım paltarlarım heç cürə ürəyimə yatmadığı üçün yenə köhnə şalvarlarımdan birini geyinmiş, üstümə də kapişonlu bir şey keçirmişdim. Saçımı başımın mərkəzində rastgələ topuz yığıb, üzümdəki makiajı təmizləmişdim.
Evdən çıxarkən çiyinlərə taxmalıq çantamı , qulaqcığımı götürdüm və "converse"lərimi geyinərək konbinimi tamamladım. Hazır idim : Ən tipsiz halımla !
- Bundan əminsən ? Yəni biraz şey..Mmm..
- Ata, getmək vaxtıdır, gec qalacağıq
Atam bir müddət sussa da sonda çiyinlərini tərpədib gülümsəməyi seçdi. Binada çıxarkən yan binalardan çıxan cavan qızlardan bir ikisini gördüm. Deyəsən aralarında, üç - dörd oğlan da var idi. Böyük ehtimal onlar da mənim kimi tələbə idi..