Birinci dərsin sonunda artıq başım ağırlaşmağa başlamışdı.
İnsaf !
İlk dərsdə tələbələrə bu qədər çox yüklənmək normal hal deyildi.
İndiyə qədərki təsüratlarım ürək açan olmasa da, Ayşən dərs bitəndə universiteti gəzmək istədiyini dedi. Reaksiya vermədiyimi görən kimi "təbii ki tək gəzəsi deyiləm !" deyib qolumdan tutaraq məni də özü ilə sürüklədi. Ona müqavimət göstərmək mənim üçün imkansız olduğu üçün məcburən addımlarımı tarazlamağa çalışdım. İkimiz yanaşı duran zaman həqiqətən görüntü gülməli idi. Boyumdan üzüm gülməmişdi və son zamanlarda olduqca çəki itirmişdim. Pəncərə önündə yığışan oğlanlar gəlib keçən bütün qızlara nəzər salıb bir birlərinə nələrsə deyib gülüşürdü. Biz önlərindən keçən zaman içlərindən birinin "yeməklərimizi indidən alıb saxlasaq yaxşı olar" dediyini və yanındakilərin də bunu eşidib eşşək kimi güldüklərini eşitdim. Gözucu Ayşənə baxıb üzündəki ifadəni ayırd etməyə çalışdım. Ya heçnə eşitməmişdi ya da öyrəşmişdi ,əmin deyiləm amma gülümsəyirdi. Arxaya çönüb o gədələrə orta barmağımı uzatmaq istəyimi birtəhər basdıraraq Ayşənin əlini daha ürəkdən tutdum. Aşağı mərtəbə nisbətən daha sakitlik idi. Yeməkxayana gedib bir şey almaq istədiyini bildirən zaman Ayşənə elə bir başa yanımda pul olmadığını dedim. Atamdan pul istəmək ağlıma gəlməmişdi,gəlsə belə istəyə biləcəyimdən əmin deyildim.
- Eybi yox, bu günlük məndən olsun
- Ehtiyac y..
- Təbii ki, var !
O qədər həvəslə yeriyir, danışır, gülümsəyirdi ki, onun yanında yaxşı hiss etməmək imkansız görünürdü. Adından başqa haqqında heçnə bilmirdim amma onu indidən çox sevirdim.
İki çay, iki "Tutku" alıb oturmağa yer axtardı və " başla " dedi.
Başımı qaşıyıb utanaraq Tutukunun birini açmağa çalışdım.
- Hələ də gözləyirəm
- Açdım axı
- Onu demirəm ! Özün haqqında danış yəni
İnsanların hamısı bu cür idi yoxsa ancaq mənim bəxtimə qəribə insanlar yazılmışdı ?
- Iıı..
- Harda qalırsan?
- Gənclik tərəf
- Mən Elmlərdə
- Okay..
- Tək gəldin bu gün ?
- Yox, atamla
- Mən tək ! ))
Çaydan bir qurtum alsam da bir şey yeyəcək halda deyildim. Nəzakət xatirinə çayı bitirdim və Ayşənin həvəslə danışdığı bütün həyat hekayəsini dinləməyə başladım. Atası rəhmətə getmişdi. Anası və nənəsi ilə yaşayırdı. O da mənim kimi tək uşaq idi və əl üstündə böyüdülmüşdü. Nərimanovda , balaca bir həyət evində yaşa.........
O danışmağa davam edərkən bir anlıq fikrim yayındı və Ayşənin çiyninin üzərindən görünən bizdən olduqca uzaqda oturan biri diqqətimi çəkdi. Qaşlarını çatıb önündəki kağıza diqqətlə nə isə çəkirdi. Çiyinləri olduqca enli, üzü inanılmaz dərəcədə təmiz və səliqəli idi. Əynində hörgülü poliver və qulağında qulaqcıq var idi. Önündəki çayın tüstüsü hələ də buxarlanırdı. Ayağını rahatca ayağının üzərinə aşırıb, bütün dünya ilə əlaqəsini kəsmişdi. Dodaqlarını bir birinə sıxır, arada dili ilə dodaqlarını yalayır , bəzən də öskürərkən əlini yumruq şəklində ağzının önünə tuturdu. Saçlarını səliqə ilə altdan yuxarı daramışdı və saçları sanki əmr almış kimi şux vəziyyətdə dayanmışdı.
Nə çəkdiyini dəli kimi görmək istəyirdim. Rəsmlə maraqlanan birini görmək məni birdən birə olduqca həyəcanlandırmışdı. Amma niyə hər kəsdən bu qədər uzaqda dayanmışdı və niyə yanında heç kim yox idi ?
- Auu..
Ayşən əlini gözlərimin önündə yellədi və sonra səs küylü halda baxdığım yerə doğru çöndü. Tez baxışlarımı qaçırıb söhbətə qayıtmağa səy göstərdim. Elə bu an ikinci dərsə girməli olduq və olduqca rahatladım.