Desertdən bir qaşıq aldım. İsti şokoladın dadı damağıma yayıldıqca həzzdən dörd köşə oldum.Sonra vanilli dondurmadan sınadım. İsti ardınca soyuq bir şey yemək dişlərimdə qıcıqlanmaya səbəb olsa da dondurmanın dadı üçün nə qədər darıxdığımın fərqinə vardım.
- Bəyəndin ?
- Hal hazırda trans vəziyyətdəyəm, zəhmət olmasa bir iki dəqiqə sonra yenidən sualını təkrarlayarsan
Kənanın dodaqları yaxşıca dartıldı və gözlərimi parladan gülümsəməsi yenidən üzə çıxdı.
- Bu deserti anam çox xoşlayır.Zövqünüz üst üstə düşürmüş
- Doğurdan ? Həqiqətən zövqlü qadın imiş
Kənan qaşığını desert qabının içərisində saxlayıb bir qolunu masanın üzərinə yerləşdirdi, bir qolunu da üzünə söykəyib üzümə baxdı..
- Nədi ?
Ağzıma yayılan şokoladın şirin dadını hiss edərək ona baxdım.
- Düşünürdüm , görəsən bütün bunları əvvəldən bilsəydin vəziyyət necə olardı ?
Artıq əlini saxlayan təkcə o deyildi.Bu sual məni də hər zaman narahat edirdi.İndi ondan eşitmək özümü ikiqat itirməyimə səbəb olmuşdu.
Sadəcə çiyinlərimi çəkdim.
O , başını bulayaraq yenə gülümsədi.
- Bu ehtimal məni hər zaman qorxudub.Sənin yaxınlığından məhrum olmaq çox çətin olardı
- Əgər belə bir yaxınlıq yaranmasaydı xüsusi çətinlik də çəkməzdin,narahat olma.Mən də olacaqdım onlardan biri
Dərindən nəfəs aldı. Sonra pəncərədən çölə baxıb bir müddət susdu.
Az sonra içəriyə iki qız daxil oldu.Yaxın rəfiqə olduqları çox bəlli idi. Əl ələ tutub gəlirdilər. Ən azı iyirmi dörd yaşları olardı. Geyimləri çox təmtəraqlı ,ikisinin də saçı düz fenli idi. Qapıdan içəriyə girər- girməz ətirləri bütün kafeyə yayılmışdı. Gözlərim ikisini də aeroportlarda insanları yoxlayan aparatlar kimi cəld nəzərdən keçirdi və qaşlarımı çatdım. Onların yanında necə də sönük qalırdım. Nəzərim onlardan ayrılıb Kənana qayıdanda onun gülərək üzümə baxdığını gördüm.
- Qadınlar..qadınlar..
Nədən danışdığını anlamırdım
- Nə ?
- Heç
İndi də başını bulayaraq gülürdü
- Nəyə gülürsən ?
- Sadəcə maraqlıdır, niyə siz qadınlar bir- birinizi bu qədər çox qısqanırsınız ? hər zaman elə davranırsınız ki,sanki baxımlı qadınlar sizi narahat etmir amma içdən içə onlara qarşı kin güdürsünüz. Nə vaxt ki, onlar ətrafdaki gözləri öz üstlərinə çəkir içdən içə onlara pis qadın kimi baxırsınız amma hər zaman arzuladığınız şey məhz getdiyiniz yerlərdə digərlərindən fərqlənməkdir..
- Heç də elə deyil !
- O halda, o iki qız içəri girəndən bəri var qüvvənlə çatdığın qaşlarını açmalısan..
Sonra o da məni yamsılayıb qaşlarını çataraq güldü. Onun bu cür çoxbilmiş olması həqiqətən əsəblərimi pozurdu. Dərhal müdafiəyə keçirdim amma içdən içə haqq verirdim də. Hələ cəmi bir neçə dəqiqə əvvəl onların yanında görünməz olduğumu özüm qəbul eləmişdim.
Tərslikdən qızlar düz yanımızdaki masaya əyləşdi.İkisi də sıra ilə və gözucu da olsa bizim masaya göz gəzdirdi və hiss etdim ki,aralarında uzunboylu olan Kənana daha uzun uzadı baxdı.
Dişlərimi sıxdım amma Kənana yenə " tutulmamaq" üçün bu dəfə üz ifadəmi kontrol etməyə çalışdım. Amma o sadəcə mənə baxır, yan yörədəki heç kəsə fikir vermədən hərəkətlərimə gülürdü.
Az sonra qızların at kişnəməsini xatırladan gülüşləri kafeni bürüdü. Çox narahat hiss edirdim ,həqiqətən əsəbləşmişdim. Hiss edirdim ki,onların bu cür " həddən artıq" davranışları Kənanın da xoşuna gəlmir amma o , hər zamanki nəzakətini qoruyurdu.
Sanki kimsə onların səsini eşitmək üçün düymə ilə səslərini artırmışdı. Və söhbətlərini bütün kafedəki insanlar eşidirdi.
- Ay qız, gördün o necə şirindi ? Həm də çox savadlıdı. Özü də dünya görüşlü, irəli fikirlidi. Statuslarını görmürsən ? Həmişə qadın azadlığından yazır.Onları müdafiə edir.
Onun bu cümləsi Kənanın üzündə xüsusi bir ifadə yaratdı.O sakitcə başını aşağı sallayıb oturmudu. Sanki eşitdiklərini düşünür,analiz edirdi. Üzündə gülümsəməni andıran bir şey var idi amma bu adi gülümsəmə deyildi. Daha çox kinayə idi.
- Nə olub ?
Marağıma yenilib soruşdum
- Qadın azadlığı..- bu başlıqda yazılan statuslar mənə bəzi acınacaqlı şeylər xatırladır
- Nədi ? Olmaya qadın azadlığına qarşısan ?
- Yox, əlbəttə..Sadəcə.. Bəzən dərslərdə olarkən bəzi oğlanların bu barədə danışdığı söhbətləri eşidirdim.Onlardan bəziləri bu məsələyə həqiqətən can yandırırdı amma çoxu..
- Nə ?
- Yəni, əlbəttə, hamısına aid deyil..Amma bir çox oğlan qadın haqlarını, onlara daha asan çata bilmək üçün müdafiə edirdi..Onların da insan olduğunu,istədikləri şeyləri etməkdə müstəqil olduğunu , istədikləri zaman evə gəlib gedə biləcəklərini,istədikləri zaman istədikləri insanla yaxınlıq qura biləcəklərini yazırdılar. Sonra da aralarında gülüşürdülər..