O, bacısına təskinlik versə də, öz dediyinə bir o qədər də əmin deyildi. Məlikxanlının nazir kimi necə bir nüfuz sahibi olduğunu yaxşı bilirdi.
Bilirdi ki, onun adını belə işdə hallandırmaq heç kəsə xeyir gətirməz. İş
gərək lap yuxarılara düzgün və vaxtında çatdırıla ki, Məlikxanlı
cəzalandırıla. Ancaq çatdırmaq mümkün olacaqdımı?..
Polis leytenantı söhbətin kimdən getdiyini bilmədiyi üçün təəccüblə
baxırdı.
Nurəhmədov harasa zəng vurub hadisə haqqında üstüörtülü məlumat
verdi. Bu zaman Məlikxanlının adını çəkmədi. Sonra dəstəyi yerinə qoyub
leytenanta tərəf döndü:
- Prokurorluqdan gəlməlidirlər. Gözləyək!
- Həsənağa, - Muradzadə qaynına yanaşdı. - Qoymazsan meyiti
aparsınlar. Aparıb yaracaqlar... - yaylıqla gözlərinin yaşını sildi. - onsuz
da aydın görünür ki, zəhər içib.
- Sən nə danışırsan? - qaynı təəccübləndi. - Mütləq aparılmalıdır! Bu
məsələ çox böyüyəcək. Söhbət prezidentə qədər gedib çıxacaq! İstəyirsən,
sonra meyiti qəbirdən çıxarsınlar?
- Onda bəlkə... - doktor səsini bir az da alçaltdı. - Heç məktubu
göstərməyək. Sonra özümüz intiqamımızı alarıq. Rüsvay olmayaq
deyirəm...
Nurəhmədov başını buladı:
- Daha gecdir, heç nə gizli qalmayacaq. Sonra başın daha çox ağrıya
bilər. Bir də ki, məsələ açıqlanmasa, sən ona heç nə edə bilməzsən. - bir
qədər ara verib, nə düşündüsə, əlavə etdi: - Ancaq məsləhət görürəm ki,
hələlik onun adını heç yanda çəkməyin!

ВЫ ЧИТАЕТЕ
Xəyanət
Детектив / ТриллерElxan Elatlı-Xəyanət (Full) Önsöz Detektiv romanlar müəllifi Elxan Elatlının "Xəyanət" romanı müasir dövrün ən aktual sosial-psixoloji problemləri üzərində qurulub. Əsər sırf detektiv janrda yazılsa da, burada aldadılan gənc qızların təlatümlü həyat...