55

72 7 0
                                    

Xəfiyyə bir müddət Veneranın dəftərləri, kitabları və digər xırda əşyaları ilə qurdalanıb, naharının vaxtını ötürdüyü üçün bərk narahat olan Fazil Məmmədlinin hövsələsi ilə oynadı. Sonra mətbəxə keçib qab-qacaq yığılmış mətbəx mebelinə baxmağa başladı. Ağzı üstə çevrilmiş təmiz stəkanlara əl vurmadan, əyilib bir xeyli onlara diqqət yetirdi. Nəhayət cibindən çıxardığı ağ dəsmalla onların birini götürüb bükdü və onun
hərəkətlərini izləyən vəkilə uzatdı:
- Bunu müstəntiq Əlibəyliyə çatdırarsınız. Qoy əl izlərini götürüb
saxlasın. Çox güman, bizə lazım olacaq. - sonra üzünü doktora tutdu: -
Hadisədən sonra burada çay içən olmayıb ki?
Doktor yarı istehzalı cavab verdi:
- Yox! Elə çay yadımıza düşürdü...
Qasımlı yenə əvvəlki otağa qayıtdı. O birilər də onun arxasınca gəldilər.
- Qayçınız bir dənədir? - xəfiyyə başı ilə kitab şkafının yuxarı rəfində güclə görünən qayçıya işarə etdi.
- Nə? - ev sahibi, deyəsən, sualı anlamadı.
- Qayçı!
- Hə! Həmişə burada olur. - doktor əlini qayçıya uzatdı.
- Dayanın!
Doktor xəfiyyənin qətiyyətli səsini eşidib dayandı və təəccüblə ona baxdı. Qasımlı əli ilə çənəsini qaşıyıb, bir an nəsə fikirləşdi. Sonra kitablardan birini götürüb qayçının üstünə qoydu. Dönüb ev sahibinə tapşırdı:
- Xahiş edirəm, bu qayçıya heç kəs toxunmasın. Və çalışın ki, mənsiz heç kəsə verməyəsiniz! Əgər mənsiz, gəlib deyən olsa ki, qayçını polkovnik istəyir, yalnız onda qayçını həmin sözləri deyən adama verərsiniz. Məni başa düşdünüzmü?

XəyanətWhere stories live. Discover now