“Axı mən yaşamaq istəyirəm?! Axı mən xoşbəxt idim?! Günahım nə idi ki, bu hala düşdüm?..”
Gülafət artıq özünü bədbəxt bir qadın hesab edirdi və bunun günahını, özündən daha çox, ərində görürdü. Əgər Niyazi o çirkin işi tutub, arvadına xəyanət etməsəydi, Gülafətin qüruru, mənliyi sınmazdı və o bu ağılsız hərəkəti edib Ruslan kimi əclafın caynağına düşməzdi. Ruslan özü onu yoldan çıxarmağa çalışsaydı da, Gülafət xanım öz qadın qürurunun hesabına onu rədd edə bilərdi. Ancaq o şorgöz alçaq ona elə vaxt yaxınlaşdı ki, qüruru artıq zəifləmiş, mənliyi yumşalıb, əriməyə başlamışdı. Ruslan Dadaşov ona belə bir vaxtda qalib gəldi. Qalib gəldi və təkcə bədənini yox, zəifləmiş mənliyini də əzib-tökdü! Ancaq hər necə olsa, indi o da ərinə xəyanət etmiş sayılırdı. Artıq ərinin də kişilik qüruru tapdalanmışdı. Nə olsun ki, Məlikxanlı özü bunu bilmirdi, həmin tapdaq izlərini görmürdü?! Gülafət özü ki bunu bilirdi. Özü ki həmin izləri görürdü?! Ona həmişə elə gəlmişdi ki, Niyazini sevir. Məhəbbətin də,intim məhəbbət oyunlarının da ləzzətini ancaq onunla yaşamış, onunla duymuşdu. Onun adıyla fəxr edib, qürurlanmışdı həmişə. Niyazi də hər gün bacardığı qədər, onu sevib-əzizləyirdi. İstər-istəməz onunla keçirdiyi ən sonuncu anları xatırladı. Dünən gecə həmin yad qonağı yola salandan sonra, Ruslan da bir az oturub getdi. Evə gecədən xeyli keçmiş gəlib çıxdılar. Yatağa girəndən, gözünə yuxu gələnə kimi, əri, heç nə demədən, yalnız onun saçlarını sığallamış və tez-tez köksünü ötürmüşdü. Onda hələ heç nədən xəbəri olmayan Gülafət xanım tezliklə yuxuya getmişdi.Səhər işə ondan tez gedən əri qapının yanında Gülafət xanımı kədərli baxışlarla bir xeyli süzüb yüngülcə qucaqlamış:
- Mən səni çox sevirəm! Özünü qoru! Darıxma!.. - demişdi.
YOU ARE READING
Xəyanət
Mystery / ThrillerElxan Elatlı-Xəyanət (Full) Önsöz Detektiv romanlar müəllifi Elxan Elatlının "Xəyanət" romanı müasir dövrün ən aktual sosial-psixoloji problemləri üzərində qurulub. Əsər sırf detektiv janrda yazılsa da, burada aldadılan gənc qızların təlatümlü həyat...