Ancaq bu saat daha çox istəyirdi ki, Gülafət xanım yanında olsun. Dərdini onunla bölüşmək daha ağlabatan olardı. Bir şərtlə ki, başqa bir pis vəziyyətə düşmüş olaydı. İndi bu işin kökündə xəyanət məsələsi də dururdu ki, buna görə arvadının gözünə görünmək istəmirdi. İstəmirdi onun tənəli, qınaqlı baxışları ilə rastlaşsın. Həmişə tənədən, danlaqdan, təhqirdən qorxmuşdu Məlikxanlı...Əslində o, indiki vəzifəsinə necə gəlib çıxmışdı? Tabe olduğu şəxslərin
inamını və hörmətini qazanmaqla. Bu hörmət və inamı isə ən çox sadiqliyi, mütiliyi və bir də xüsusi bacarığı ilə qazanırdı. Bu “xüsusi bacarıq” deyilən şey tabe olduğun şəxsin ürəyindəkiləri
oxuyub, ona uyğun hərəkət etmək idi ki, bu da hər adama nəsib olmurdu. Yaxşı xatırlayırdı... onu bu vəzifəyə qaldıran nərdivanın hələ ilk pilləsində idi. Zavodda komsomol katibi işləyirdi. Zavodun rəhbər işçilərinin, xüsusilə də partiya təşkilat katibinin direktorla necə münasibət qurmasına fikir verib çox şey öyrənmişdi.Bir dəfə belə bir əhvalat oldu. Zavodda keçirilən böyük yığıncaqda çoxları çıxış etdi. Zalda - adamların arasında oturan gənc Niyazi diqqətlə çıxışlara qulaq asır, rəyasət heyətinə, daha çox isə direktora göz qoyurdu. Sex rəislərindən biri öz çıxışında nəyə toxundusa, hansı ifadəni işlətdisə, yadında deyil, ancaq direktor bircə anlığa üzünü turşutdu. Bu reaksiya nə qədər ani baş versə də, Niyazinin gözündən qaçmadı.Yığıncaqdan sonra, həmin yığıncağı əks etdirən geniş foto- montaj hazırlanmalı və direktorun kabineti yaxınlığında, foyedə divara vurulmalı idi. Bu iş komsomol katibinə tapşırılmışdı və Niyazi yığıncaqda çəkilmiş fotolar əsasında stenti tezliklə hazırlayıb partiya təşkilatı katibinə göstərdi. Katib çıxış edənlərin sıra ilə yapışdırılmış fotolarına nəzər yetirib, həmin sex rəisini görmədi və təəccüblə Niyaziyə baxdı:
- Canpoladı unutmusan! Hamıdan çox çıxış edən o oldu ki!
YOU ARE READING
Xəyanət
Mystery / ThrillerElxan Elatlı-Xəyanət (Full) Önsöz Detektiv romanlar müəllifi Elxan Elatlının "Xəyanət" romanı müasir dövrün ən aktual sosial-psixoloji problemləri üzərində qurulub. Əsər sırf detektiv janrda yazılsa da, burada aldadılan gənc qızların təlatümlü həyat...