X fəsil
Niyazi məlikxanlı
Həmin axşam Niyazi Məlikxanlı öz dənizkənarı malikanəsinin həyətində tək oturmuşdu. Malikanənin gözətçisi və sevimli iti Qaplan nəzərə alınmazsa, həyətdə ondan başqa heç kəs yox idi. Günorta iş yerindən çıxıb buraya gələndən sonra, telefon nömrəsini dəyişdiyi üçün heç kəs onunla əlaqə saxlaya bilməmişdi. Baş vermiş hadisənin onunla bağlı tərəfi hələ şəhərə yayılmamışdı ki, bu da Məlikxanlıya bir qədər qəribə gəlirdi. Günortadan sonra onu ancaq vəkili Fazil Məmmədli axtarmışdı. O da xoşagəlməz xəbərlə... Məlikxanlının nömrəsi dəyişildiyi üçün sürücüsü ilə əlaqə saxlamışdı.
Xəbər bundan ibarət imiş ki, doktor Muradzadə prokurorluğa yeni ərizə ilə müraciət etmişdi. Ərizədə göstərilmişdi ki, kimsə ona zəng vuraraq intihar etmiş qızı barədə nalayiq sözlər demiş, bir daha Məlikxanlının adını çəkəcəyi təqdirdə onu ölümlə hədələmişdi.Bu xəbər Məlikxanlıya heç də yaxşı təsir etməmişdi. İşin belə bir məqamında buna ehtiyac yox idi. Onun fikrincə, bunu ancaq Ruslan Dadaşov edə bilərdi. Bu onun xasiyyətinə tamamilə uyğun idi. Lakin bilikli hüquqşünas olan Ruslan gərək bunu etməyəydi. Məlikxanlı hələlik bu barədə dostuna heç nə deməmişdi. Gözləyirdi ki, o özü bu barədə danışsın. Qaplan yaxınlaşıb üzünü sahibinə uzatdı. Məlikxanlı onun başına sığal çəkib əli ilə özündən uzaqlaşdırdı...Belə gündə Zakiri, Zəminəni, nəvəsini yanında görmək istəyirdi. Heyif ki, Gülafət xanımla evlənəndən sonra oğlu ondan soyumuşdu. Məlikxanlının fikrincə, Gülafət xanım çox mehriban, şirindil qadın idi və oğlu gəlib-gedib onu yaxından tanısaydı, atası ilə əlaqəni kəsməzdi. Bir də ki, oğlu üçün hər cür şərait yaratmışdı və yəqin ki, indi buna görə oğlunun yadına düşmürdü.
ВЫ ЧИТАЕТЕ
Xəyanət
Детектив / ТриллерElxan Elatlı-Xəyanət (Full) Önsöz Detektiv romanlar müəllifi Elxan Elatlının "Xəyanət" romanı müasir dövrün ən aktual sosial-psixoloji problemləri üzərində qurulub. Əsər sırf detektiv janrda yazılsa da, burada aldadılan gənc qızların təlatümlü həyat...