Gülafət xanım incə duyğulu, eyni zamanda, güclü hissiyyatlı bir qadın idi. Lakin bu hissiyyatını həmişə daxilində gizlədirdi. Baxışları vasitəsilə başqalarına məlum olmasına imkan vermirdi. O, kişilərin nəvazişli sözlərini, ehtiraslı baxışlarını çox xoşlayırdı. Bundan, həmişə, daxili bir zövq alırdı. Kobudluğu, sırtıqlığı isə sevmirdi. Ona yönəldilən istənilən münasibət mədəni olmalı idi. Səmimiyyətlə, məhəbbətlə müşayiət olunmalı idi. Etika qanunları çərçivəsindən çıxmamalı idi. O, ürəyinə yatan əks cins nümayəndəsinin qəlbinə beləcə sahib olmağını istəyirdi. Tam hüquqlu sahib kimi bütün varlığına, vücuduna, mənliyinə, namusuna sahib olmağını isə istəməzdi. Birdən-birə yadına bağda yaşadığı intim bir epizod düşdü...Bazar günü yığışıb bağa getmişdilər. Asəf də onlarla idi. Kabab süfrəsinə hazırlıq görülürdü. Mərmər hovuzun yanındakı kölgəlikdə hərə bir iş görürdü. Gülafət xanım da dizlərini tam qatlayıb yerə qoyulmuş çuqun tasdakı doğranmış əti qarışdırırdı. Əyninə yüngül, nazik parçadan şalvar və şalvarın üstünə sallanan köynək geymişdi. Arxası stola tərəf idi və qarşısında dayanan Asəfdən xahiş etdi ki, stolun üstündəki istiot qabını götürüb ona versin. Əri onda, deyəsən, evin böyründə öz sevimli iti iləməşğul idi. Asəf arxaya keçib, istiot qabını götürdü və onu Gülafət xanıma verənədək, lazım olandan çox vaxt keçdi. Gülafət xanım birdən başa düşdü ki, köynəyi yuxarı dartıldığı üçün arxadan alt paltarı və çılpaq belinin bir hissəsi görünür. Asəf özündən asılı olmayaraq, dayanıb bir neçə anlığa ona tamaşa etmişdi. İstiot qabını ona verəndə özündə olmadığı açıq-aşkar hiss olunurdu.Onda Gülafət xanımın bütün bədəninə ləzzətli bir duyğu yayıldı. Sadiq və səmimi bir oğlan hesab etdiyi Asəfə qarşı içində bir məhrəmlik də baş qaldırdı. Asəfi xoş dillə dindirməyə bir ehtiyac hiss etdi özündə
YOU ARE READING
Xəyanət
Mystery / ThrillerElxan Elatlı-Xəyanət (Full) Önsöz Detektiv romanlar müəllifi Elxan Elatlının "Xəyanət" romanı müasir dövrün ən aktual sosial-psixoloji problemləri üzərində qurulub. Əsər sırf detektiv janrda yazılsa da, burada aldadılan gənc qızların təlatümlü həyat...