61

66 5 0
                                    

O, mənzilinə girəndə, Nuranə də axşam yeməyini hazırlamaq üçün, təzəcə gəlmişdi. Mətbəxdən qab-qacaq səsi gəlirdi. Ev sahibinin gəldiyini bilib mətbəxdən çıxdı.
- Nahar eləmisiniz?
- Yox! - Qasımlı başını buladı. - Amma iştaham da yoxdur. Axşam yeməyini yeyərəm. İndi qəhvə içəcəm. Bunu deyib, iş otağına keçdi və stolun arxasında əyləşib müstəntiqin kabinetində qeydlər etdiyi vərəqi çıxardı. Onu qarşısına qoyub bir siqaret yandırdı. Qeydlərini bir də oxuyub dərin fikrə getdi. Bir azdan Nuranə qəhvə fincanını gətirib onun qarşısına qoydu. Başını əlinə söykəyib düşüncələrə dalmış polkovnik, sanki bunu heç hiss etmədi. Hər halda, Nuranəyə belə gəldi. Axı hər dəfə o, Qasımlı üçün qəhvə gətirəndə başını qaldırıb təşəkkür edirdi!? «Yəqin, görmədi. Yenə soyudacaq!» Qasımlının isə artıq, fikirləri qarışmağa başlamışdı. «Bu qadın niyə çıxıb getmir?!»
- Gətirdim, soyutmayın! - Nuranə xəbərdarlıq etmək istədi.
- Gördüm, çox sağ olun! - Qasımlının səsində az da olsa kobudluq var idi.
- Bağışlayın... - Nuranə bunu deyərək, dönüb getdi.
Qasımlı başını qaldırıb onun arxasınca baxdı. Onsuz da
düşüncələrdən ayrılmışdı. Bu qadında son vaxtlar müsbət dəyişikliklər baş verirdi. Elə indi də, paltarını dəyişmişdi. Əynində enli, qara şavar,mavi köynək var idi. Ancaq dəyişən təkcə paltar idimi?.. Yadına Gülafət xanım düşdü. Qəribədir, ona elə gəlirdi ki, artıq doğma bir adamı var. Bu qadın indi, yəqin ki, ərinin düşdüyü çıxılmaz vəziyyətə görə əzab çəkirdi. Qasımlı boynuna götürdüyü bu işi müvəffəqiyyətlə
başa çatdırıb, Məlikxanlının təmiz adını özünə
qaytararsa, Gülafət xanımın da əzablarına son qoyulacaqdı...
Çalışmaq lazım İdi və Qanbay Qasımlı bütün fikirləri başından qovub işə
girişdi. Qeydlərini bir daha diqqətlə gözdən keçirib bu dəfə başqa ağ
vərəqdə yeni qeydlər etməyə başladı. O, indi xəfiyyədən çox, öz əsəri üzərində işləyən yazıçıya bənzəyirdi. Tez-tez dayanıb düşünür, soyuq
qəhvədən bir qurtum içib, siqaret yandırır, yenə nə isə yazırdı. Nəhayət, işini qurtarıb ayağa qalxanda saat yeddi olmuşdu. Möhkəm acdığını hiss
edib, mətbəxə keçdi. Nuranə axşam yeməyini hazırlayıb süfrəyə düzmüş,
özü isə sakitcə çıxıb getmişdi...

XəyanətWhere stories live. Discover now