Məsələ belədir, polkovnik! Beş-altı saat bundan əvvəl, universitetin tələbəsi olan bir qız - doktor Muradzadənin qızı intihar edib. Yaşadığı mənzildə özünü zəhərləyib. Özünü öldürməmişdən əvvəl bir məktub da yazıb qoyub. Məktubda yazılıbmış ki, guya mən onu aldadıb bədbəxt
etmişəm. Necə deyim... - Məlikxanlı duruxub ara verdi. - Guya onun
namusunu ləkələmişəm. Mənə prokurorluqdan zəng vurub bu barədə xəbərdar etdilər. İşi Ramin Əlibəyli öz icraatına götürüb... Siz bir dəfə bir
mötəbər dostuma böyük xidmət göstərmisiniz. Haqqınızda o vaxtdan eşitmişəm. Odur ki, sizinlə görüşməyi qərara aldım..
- Mən nə etməliyəm? - Qasımlı sakitcə soruşdu.
- Qəribədir! - Məlikxanlı çiynini çəkdi. O, son bir neçə saatda yaman əsəbi olmuşdu. - Nə edəcəyimi mən sizdən soruşmaq istəyirəm! Sizə gəldikdə isə, mənə elə gəlir, nə etməli olduğunuzu hamıdan yaxşı bilən
bir adamsınız. Siz mənim adımı bu çirkin ləkədən təmizləməlisiniz!
Bunun üçün nə qədər haqq alacaqsınızsa, xahiş edirəm, çəkinmədən
deyin!
- Siz o qızı tanıyırsınız? Yəqin ki, mənimlə açıq danışmağın nə qədər vacib olduğunu başa düşürsünüz... - Qasımlı bunu deyib qəhvədən yenə
bir qurtum içdi və fincanı yerinə qoydu.
- Yox! Qətiyyən, tanımıram! Belə bir şey də olmayıb!
- Bəs valideynlərini necə, tanıyırsınız?
- Şəxsi tanışlığım yoxdur. Ancaq atasını qiyabi tanıyıram. Onu,
ümumiyyətlə, hamı tanıyır. Məşhur terapevtdir.
- Bəs özünüz bu barədə nə düşünürsünüz?
- Bilmirəm... - Məlikxanlı əlini əsəbi halda yellədi. - Elə məsələ
orasındadır ki, heç nə bilmirəm. Yəqin ki, qızı öyrədib yoldan çıxarıblar.
YOU ARE READING
Xəyanət
Mystery / ThrillerElxan Elatlı-Xəyanət (Full) Önsöz Detektiv romanlar müəllifi Elxan Elatlının "Xəyanət" romanı müasir dövrün ən aktual sosial-psixoloji problemləri üzərində qurulub. Əsər sırf detektiv janrda yazılsa da, burada aldadılan gənc qızların təlatümlü həyat...