"Cavab" (Cənnətdən Məktub şeirinə cavab)

16 1 1
                                    

Qurban olum boyuna! Canım qurban canına!
Göz yaşını bağışla qəlbi dağlı anana...
Canımdan can alınıb, bağrımı qan bürüyüb
Göz necə ağlamasın? Qəlbim ocağa dönüb.
O ruhunun qayıdan qədəminə qurbanam!
Torpağın altda yatan bədəninə qurbanam!
Səni böyüdən mənəm, məndən əvvəl gedirsən.
İnsaf etmədən gəlib.. gəlib əcəl, gedirsən...
Torpağı qucaqlayım ya sarılım balana?
Səni xatırlamaqçün sənsiz yetim qalana
Möhkəmcə sarılaram,əmrin olsun bu hacət!
Balan mənə əmanət, mən Allaha əmanət...
Mən səni torpağa yox tapşırıram Allaha!
Qəlbim aqibətindən nigaran deyil daha.
Rəbbim sənin ruhunu Cənnətinə ucaldar!
Səndən bizə ləyaqət, bir də balan yadigar!
Səndən ibrət alaraq böyüyəcək şərəflə!
Başı uca gedəcək haqq getdiyi tərəflə!
Balan xəyanət etməz abad olan torpağa
Atasının qanıyla azad olan torpağa...
Bizlərə nişan qalan hər ayətin mübarək!
Ay mənim atam, anam! O Cənnətin mübarək!
Məqsədinə heyranam! Hər hacətin mübarək!
Gözlərinə qurbanam! Şəhadətin mübarək!
 


- Hümbət İsmayılov
Rüqəyya Şükürovanın (shukur0vaa) "Cənnətdən Məktub" adlı şeirinə cavab.

Birgə fəaliyyət üçün təşəkkür edirəm!

"Hər vaxtınız şeir" ...Where stories live. Discover now