Dünyanın ən xoşbəxt insanı kimdir?

6 1 3
                                    

Elçiyəm, sanmayın bir zavalım var.
Cavab axtarıram, qəlbdə xalım var.
Bilən cavablasın, bir sualım var :
Dünyada insan çox, yaşı qədimdir.
Bəs onun ən xoşbəxt insanı kimdir?...
  
Yaman qarışıqdır bu qəmli bəstə
Kədərlə sevinci gördüm üst-üstə.
Adam var övladı çarəsiz xəstə,
Özü can qurtaran dahi həkimdir...
Dünyanın ən xoşbəxt insanı kimdir?
 
İlləri toplayıb zaman əsr edib.
Minlərlə hekayə yazıb, nəsr edib.
Adam var ömrünü elmə həsr edib,
Amma o kölədir, cahil hakimdir...
Dünyanın ən xoşbəxt insanı kimdir?...
 
Oğul var qələbə gülü dəribdir.
Canını torpağı üçün veribdir
Analar, atalar sevindiribdir
Gəl ki, həmin övlad özü yetimdir..
Dünyanın ən xoşbəxt insanı kimdir?..
   
Qaçıb gizlənsə də dalana, küncə,
Ölüm tapıb gəlir yaşlıya, gəncə.
Torpaq canımızı udmadan öncə,
Fəxrlə deyirik : "torpaq mənimdir!"
Dünyanın ən xoşbəxt insanı kimdir?...
  
Ürək boşaldıqca vərəqim dolub.
Sizə fayda verən sözlər yazılıb.
Adam var hər kəsə faydalı olub,
Özünə gələndə betər qənimdir!
Dünyanın ən xoşbəxt insanı kimdir?...

- Hümbət İsmayılov

"Hər vaxtınız şeir" ...Donde viven las historias. Descúbrelo ahora