"O hiss"

70 10 21
                                    

Bu gün yenə o günlərdən biriydi
Yer üzündən yox olmağın yeriydi.
Yenə ürək nələr-nələr sanırdı,
Bu eşq ilə alışırdı, yanırdı.
Düşünürdüm gəlib çatdı vaxt deyə
Bu istəyə ağıl çıxammaz yiyə.
Hazır ikən uğurlarım əlimdə
Şeirlərim gəzən vaxtı dilimdə
İnsanların hərəsindən bir qədər
Sevgi yığıb olmuş ikən mötəbər
Onların da saxtalığın bilərək
Üzüldükcə üzlərinə gülərək
Onlar da uzaqdan sevərkən məni,
Məndən əsirgənən hər dəqiqəni
Görərkən başqası necə dad edir
Mənə kədər verən, birin şad edir.
Tutaraq qəlbimin yaralarından
Çıxmağı istədim aralarından
Bütün insanların, bütün canların,
Yeni ümidlərin, həyəcanların.

Bir az yenə vardı kədər, sıxıntı.
Son qurtumdan stəkanda yaxantı.
Qalsaydı kaş xatirələr yük kimi
Getsəydim kaş qopub uçan tük kimi...

Amma Tanrı buna izn verərmi?
Xoşbəxtliyi mənə rəva bilərmi?
Seçsəm Cəhənnəmdə gözəl məbədi,
Qoyarmı heç xoşbəxt yanım əbədi..
Əlbəttə yox! Ağlı qəlbə ox etdi,
Bu istəyi ürəyimdən yox etdi.
Yenə söndü ümidlərin işığı
Parıldadı soyuq tərin işığı.
Saldı yada ailəni bir tərəfdən
Uzaq etdi ölüm adlı şərəfdən.
Bir tərəfdən əqidə mane oldu
Ürək yenə məcburdu, qane oldu
Nəfəs - nəfəs çəkdim içə zəhəri
Bildim açacağam yenə səhəri
Ölməyəcəm yenə ölməyəcəm mən...
Bu hal ilə Cənnətə düşsəm əgər
Bilirəm ki, orda gülməyəcəm mən...

Yenə yeyim qəmi öyrəşərəm mən
Elə əvvəlindən yemişdim axı.
Qovulsam da qalmışam pərən-pərən,
Adam gedə bilmir... Demişdim axı...

- Hümbət İsmayılov

"Hər vaxtınız şeir" ...Tempat cerita menjadi hidup. Temukan sekarang