Məni xilas edin

7 1 0
                                    

Hərdən həqiqətlər gözü incidir.
Elə səhv olur ki, düzü incidir.
Hümbətin kimsə yox, özü incidir,
Qəlb nəfsdən bezibdir, ağıl dilimdən
Məni xilas edin mənim əlimdən.

Min dəfə ölübdür bir canım artıq.
Məni edam edir vicdanım artıq.
Yaşamaq istəyir bir yanım artıq,
Bir yanım yaz deyir yenə ölümdən.
Məni xilas edin mənim əlimdən.

Mənim əkdiyim gül soldu-saraldı.
Gözlədi, həsrətdən bağrı yarıldı.
Özgə tikan əkdi, hamı sarıldı,
Kimsə qoxlamadı mənim gülümdən.
Məni xilas edin mənim əlimdən.
   
Şüurla nəfsimi məğlub etməsəm,
Əksilməz ömrümdən bircə an da qəm.
Gərək kimsədən yox, özümdən küsəm,
Çünki xəbərdaram öz özülümdən.
Məni xilas edin mənim əlimdən.

- Hümbət İsmayılov

"Hər vaxtınız şeir" ...Where stories live. Discover now