İnsan libası

83 10 61
                                    

Bəzən əzab çəksin gərəkdir bədən
Ruhunun kirləri yoxsa yuyulmur.
Necə ki paltarı yaxşı sürtmədən
Kiri, ləkəsini çıxarmaq olmur.

Ürəyin sıxılsa hikmətini sez!
Vaxtında sıxılar incitməz səni.
Nə qədər çox sıxsan o qədər də tez
Quruyar paltar da, ləngitməz səni.
 
Ürək yanğısına səbr edə bilsən
Düz yola gələrsən, əyrisi qalmaz.
Necə ki qırışı açmaq istəsən
Paltara istini vurmadan olmaz.

Sonra peşman olub dizini döymə.
Əvvəldən diqqət et,bu adi örnək.
Əgər səhv bağlansa birinci düymə,
Sonrası səhv ilə davam edəcək...

- Hümbət İsmayılov

"Hər vaxtınız şeir" ...Where stories live. Discover now