"Pərvər"

36 8 9
                                    

Mənfəət gərəkdir diqqəti üçün
Onları yalnızca qazanc şad edər.
Görünən budur ki şöhrəti üçün,
Hamı vətən sevər, şəhid yad edər.

Toylardan, şadlıqdan xiyabanlara
Bir anda dəyişib gələrmiş insan.
Pul kimi baxaraq axan qanlara,
Nə qədər alçala bilərmiş insan.

İxlası olmayan hisslərlə qələm
Yazarmış şəhidlər üçün bəstələr.
Nə vətən sevgisi, nə eşqi-ələm
Bu yerdə mənfəət eşqi üstələr!
 
Əvvəl yarı üçün darıxan şair,
Birdən vətən üçün darıxan olmuş.
Romantik yazılar sevgiyə dair
Nədənsə dəyişib vətənlə dolmuş...
   
Adını unudan vardır vicdanın...
Nə utanc qalmayıb nə də xəcalət.
Qibləsi şan-şöhrət olan insanın
Rəbbi də paradır, istər ibadət.
  
Belədir, əşya da istər ibadət.
Əşya da insanın sərvəri olur...
Pul ilə bəslənən bir varlıq əlbət
Pul olan hər şeyin pərvəri olur...
 
- Hümbət İsmayılov

"Hər vaxtınız şeir" ...Where stories live. Discover now