"Canından ayrı" (ithaf)

93 16 16
                                    

İnsan dözməz olarsa canı yanından ayrı,
Sən necə bəs dözürsən, canın canından ayrı?
  
Adam bəziləriylə elə deyib gülür ki,
Kədəri də bərabər sevəcəklər bilir ki.
İnsan var elə əziz, elə doğma olur ki,
Nə olsun ki olubdur, qanı qanından ayrı.
  
Kiminə daxma verdi, kiminə də taxtı eşq,
Neçə saf ürəkləri yandıraraq yaxdı eşq.
Artırardı adamın şanını bir vaxtı eşq,
İndi salır aşiqi eşqi şanından ayrı.
 
Qoymayın eşqi qalsın ürəklərdə hənirsiz,
Burdan çox biganə, vəfasız görsənirsiz.
Müvəqqəti dünyanın nəyinə güvənirsiz?
Saraylar da qalacaq bir gün xanından ayrı.
  
Bu zamanın sonuncu duracağı haradır?
Artıq uşaqların da ürəyində yaradır.
İndiki ailələrin ömrü-günü qaradır,
Mən ağ heç nə görmədim gəlin donundan ayrı.
 
Mənimsə dərdim ayrı, ruhuma içdim meyi.
O qədər dərdsizəm ki, qınamışam taleyi.
İnanın bu həyatda sevmədim mən heç nəyi,
Bir ömrümün əvvəli, bir də sonundan ayrı.
  
- Hümbət İsmayılov
 
İlham qaynağı : _Galaktika_ , təşəkkürlər.

"Hər vaxtınız şeir" ...Where stories live. Discover now