"Sən yoxsan, əzizim!"

33 5 6
                                    

Aldıq qələmlə qərarı
Ki yazaq bu cür şüarı
Yarı həqiqətdir, yarı
"Sən yoxsan, əzizim!"
 
Zəhmətkeşin imkanı tək
Sənətkarın ad-sanı tək
Məmurların vicdanı tək
Sən yoxsan, əzizim!

Bu dünyada ədalət tək
Arsızlarda xəcalət tək
Xəbərlərdə həqiqət tək
Sən yoxsan, əzizim!
 
Salamat yollarımız tək
Sarılan qollarımız tək
"qara qızıl" - larımız tək
Sən yoxsan, əzizim!
 
Vaxtında vidalar kimi
Duyulan sədalar kimi
Təbii qidalar kimi
Sən yoxsan, əzizim!
 
Xoş musiqi tonu kimi
Dənizlərdə saf su kimi
Yoxsulun hüququ kimi
Sən yoxsan, əzizim!
 
Elə qanun, qərar kimi
Dərsdə həya və ar kimi
Layiqli diplomlar kimi
Sən yoxsan, əzizim!

Vətənimin natiqi tək
Ya həqiqi aşiqi tək
Allahsızın məntiqi tək
Sən yoxsan, əzizim!
 
Rüsumsuz idxal kimisən
Müsbət bir əmsal kimisən
Yerli istehsal kimisən,
Sən yoxsan, əzizim!

Vicdan ilə görüş kimi,
Doğru yola gəliş kimi
Yumorlarda gülüş kimi
Sən yoxsan, əzizim!

Doğru-düzgün bir adət tək
Ailələrdə səadət tək
Vəfa kimi, sədaqət tək
Sən yoxsan, əzizim!

Nə bir ölçü, biçim nə də,
Nə dolanış, keçim nə də,
Nə müstəqil seçim, nə də
Sən yoxsan, əzizim!
 
Xoş yaşanan həyat kimi
Əsl ədəbiyyat kimi
Elə mənəviyyat kimi
Sən yoxsan, əzizim!

Sözünün qüvvəti kimi
Xalqının diqqəti kimi
Hümbətin şöhrəti kimi
Sən yoxsan, əzizim!

- Hümbət İsmayılov

"Hər vaxtınız şeir" ...Where stories live. Discover now