"Axşam olanda"

66 17 11
                                    

Düşüncəm dolanır xəyal yasında,
Qalıb tənhalığın boş adasında,
Bu şair qəlbimin tam ortasında
Elə bil od qalanır axşam olanda.

Bir ömrün min dərdi bir anlıq çökür,
Qocalıq yüksəlir, cavanlıq çökür.
Elə ki şər qarışır, qaranlıq çökür,
Dərdimə dərd calanır axşam olanda.

Salamı-kalamı verməyib gəlir,
Göstərir o sağdır, ölməyib, gəlir.
Yanımda heç kəsi görməyib gəlir,
Kədər lovğalanır axşam olanda.

Yüz ölçür ürəyim, biçmək istəmir.
Unutmaq yolunu seçmək istəmir.
Sanki xatirələr keçmək istəmir,
Keçmiş laxtalanır axşam olanda.

- Hümbət İsmayılov

"Hər vaxtınız şeir" ...Where stories live. Discover now