"Təqdimat"

53 7 12
                                    

Salam. Sizə mən təqdim edim qoy özümü.
Xahişim budur kəsməyəsiz siz sözümü.
  
Mənim dünyamda hisslərin xüsusi imkanı var.
Kədərin də sevincin də yeri var, zamanı var...
 
Olsam da həmin günü restoranda, bir barda.
Hüzn elan edirəm hər il iyirmi yanvarda.

Geyinib ayağıma qışda ən brend malı mən
Unutmuram donan ayaqları, iyirmi altı fevralı mən

Məni bezdirir anam! Az qalıram evi devirəm!
Eybi yox, həmin anamı səkkiz martda çox sevirəm!
 
Qadınlar? Hər il bir neçəsiylə gəzsəm mənə bəsdir...
Qadınlar? Əgər səkkiz martdırsa, müqəddəsdir!

Novruz milli bayramımdır! Yeyib-içib kef çəkərəm.
Papaqlara sovqat qoyub, əsl acdan bixəbərəm.

Bu tonqalda yansın qoy ağırlığım-uğurluğum!
Külə dönsün insanlardan, həyatlardan oğurluğum...

Aprelin birində saxta ölüm xəbəri ilə
Zarafat etməliyəm insanları salıb ələ.

Həqiqət budur: ölüm xəbəri saxta deyil
Ölən insanlıqdır hər saat, həftə, hər ay, hər il.

Vətən işğalı var, qəm tuturam aprel sonu
Beləcə qeyd edirəm nifrət ilə bu yekunu

Sonra May gəlir, doqquzudur qələbə günü
İndi işğalçıların ucalt ürəkdə büstünü
 
Mayın iyirmi səkkizində bütün bu xalq üçün
Topladı bir neçə şəxs iradəsin, bütün gücün
 
Etdi müstəqil bu ölkəmi ki xoş yaşayım
Heç nə olmaz onu da arada bir xatırlayım.
  
Davranışla edim onları bərbad tərbiyə
Uşaqlar günündə alım gərəkdir hədiyyə.
 
Silahlı qüvvələr günü iyirmi altı iyun
Silaha tabe olun! Silaha əyin boyun!
  
Məntiqim bax belədir, şüurum da paslanıb.
İyirmi iki iyul mətbuat gününü kimsə anıb?
 
Mətbuat nədir ki heç başa düşmürəm bunu
Onlar cani deyilmi? Həbsdədir, məlum sonu.
  
Nəysə yola verdim bu dili və əlifbanı.
Sevirəm rusu, türkü, ingilisi və ispanı.
 
Biriylə lovğalanır biriylə əylənirəm.
Biriylə mahnı sevir, biriylə söylənirəm.
  
Kinonun gününü də heç istəmirəm xatırlamaq.
Sevimli filmlərim xaricidir, budur maraq.
 
Amma yumor adıyla söyüş, erotika həm
Başqa axmaqlığı mən sevirəm! Çox sevirəm!
 
Bilirəm bilik günüdür hər il on beş sentyabr
Biliyim yoxdur axı, susun! Olmayım biyabır.
 
Musiqi günü var, Salam olsun, Üzeyir bəy!
Səni nə tanımağa nə sevməyə etmişəm səy.
  
Bayraq günündə gərək ki dalğalansın bayraq!
Bayrağı buynuz edim ya da eynəkli papaq...
 
Konsitutsiya? O nədir? Yazılan qanunlarım?
Yazılmayanlar sərf edir, onla keçir gün-güzarım.
 
Dirçəliş... Dirçəliş günü maraqlıdır mənim üçün.
Necə dirçəlişdir bu sonda itirmişdi gücün?
 
İlin sonunda biz həmrəy olub birləşərik.
Birimizi yıxmaq üçün birimizlə olub şərik...
  
Belədir həyatım mənim! Bunla fəxr edirəm!
Hər məqama uyğunam! Hər anla fəxr edirəm!
  
Mən ramazanda müsəlmanam! Yeni ildə xristian
Mən dini günlərdə ayıq, qalan hər bir gündə piyan!
 
Mən yas yerində ağlar xeyir işdə gülərəm
İkisi ard-arda olsa öhdəsindən gələrəm!
 
Mənim nə məntiqim var nə səmimi bir ürəyim
İşlər qarışsa əgər kəsiləcəkdir kələyim.
 
Bilmirəm mən nə edim, sevinimmi? Yasmı tutum?
Axı gülən də va ağlayanda. Hər birinə var sübutum!
 
Mən nə edim bəs gülüm görəsən? Ya ağlayım?
Qırmızı bəzək vurum yoxsa qaralar bağlayım?
 
Belə olmaz! Belə olmaz! Başımı xarab etdiz!
Siz mənə zülm elədiz! Mənə əzab etdiz!
 
Nə olar daha hər şey öz vaxtına uyğun ola...
Çaşıb qaldım ortada, çətin kimsə çarə qıla...
 
Hə, yaxşı düşdü yadıma bu ki: mən güzgüyəm!
Baxanı özünə əks etdirənəm, o cizgiyəm.
 
Siz çaş-baş olmayın, qurtulandır tez gedən
Yorulmasın gözləriniz çəkin, aparın güzgüdən...

"Hər vaxtınız şeir" ...Donde viven las historias. Descúbrelo ahora