"Məni axtar"

56 8 6
                                    

Xəyal ağuşunda yadına düşsəm,
Bir damla yaşında yadında düşsəm,
Bir yaz yağışında yadına düşsəm,
Fincana çayını süz,məni axtar...

Sənin süzdüyün çay şərbət,gözəlim!
İstəsən lap indi yanına gəlim.
Baxma ki özümə çatmır heç əlim,
Məndən söhbət edək biz,məni axtar...

Xəyal da tapmasan gəl məndən istə.
Məni onlar etdi bilirsən xəstə.
Qanasın ayağın xəyallar üstə,
Qırıq xəyallarda gəz, məni axtar!

Qorxma mənim yerim sabit,mətindir.
Nə bir parkdır o,nə dalan-tindir.
Məni bu həyatda tapmaq çətindir,
Əvvəlcə həyatdan bez,məni axtar...

Başlasa səni də qəm incitməyə,
Bir yerin olmasa çıxıb getməyə.
Əgər söz tapmasan izah etməyə,
Şairdə tükənməz söz, məni axtar.

Dünya səndən uzaq bir yana dönsə.
Gördüyün mələklər şeytana dönsə.
Həqiqət bildiyin yalana dönsə,
Qalmasa ömründə düz,məni axtar...

Dayanma!Qəsdinə fələk dursa,tap!
Hansı sənə doğma,hansı yarsa tap!
Vurduğun nə qədər yara varsa tap!
Toplayıb önünə düz,məni axtar!

Həyatı,insanı,hər şeyi danla...
Gör necə pis olur hər şey zamanla.
Tənhalıq səni tək qoymasa anla,
Gəlib yenə vursa üz,məni axtar...

Kimi saflıq arar indi,kimi kir...
Kimi min yol uzaq,kimi bir...
Mənə qovuşmaq da ölüm kimidir,
Əlini dünyadan üz! Məni axtar.

Bax məni aparır kədərin badı
Baxmasan kədərə görərsən yadı.
Sevincdən tökülən yaşım olmadı.
İsti göz yaşında üz məni axtar...

Bir gün ulduzları izlə səmada.
Vardır yanıb sönən nə qədər ada...
Mənə bax! Nəzərin salma bir yada,
Gör harda vururam göz,məni axtar...

- Hümbət İsmayılov

Şəkil üçün təşəkkürlər: NigarSadiq

"Hər vaxtınız şeir" ...Where stories live. Discover now